Azərbaycan “dayanan məzənnə” rejiminə keçib

04.02.2019

Ötən həftənin şənbə günü Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı barədə iddialara münasibət bildirərək dedi ki, bu söz-söhbətlər qeyri-ciddidir.

“Marja”nın məlumatına görə, Elman Rüstəmov bir neçə göstəricini səsləndirərək dedi:

“Ötən il Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artıb. 2018-ci ilin sonuna Azərbaycanın tədiyyə balansının 3,5 milyard dollar profisitdə (artıqlıq) və neftin orta qiymətinin 70 dollar olması şəraitində hansı devalvasiyadan danışmaq olar? Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir. Cari ildə Azərbaycanda makro-iqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var”.

Diqqəti çəkən Mərkəzi Bankın sədrinin “dayanıqlı məzənnə” ifadəsini işlətməsi idi. Dayanıqlı sözünün digər mənaları dayanan, sabit və ya dəyişməyən deməkdir.

Elman Rüstəmov bildirdi ki, 2019-cu il və ortamüddətli (1 ildən 3 ilə qədər) dövr üçün bütün parametrlər (makroiqtisadi sabitlik, yeni büdcə qaydaları və aşağı inflyasiya) dayanıqlı məzənnə idealogiyası üzərində qurulmuşdur.

Elman Rüstəmovun sözlərindən belə çıxır ki, Azərbaycan “dayanan məzənnə rejimi”nə keçib. Əgər məzənnə hərəkətə gələrsə makroiqtisadi sabitlik pozula, o cümlədən inflyasiya yüksələ bilər.

Bir ölkənin makroiqtisadi sabitliyinin məzənnədən bu qədər asılı olması doğru deyil.

Bir neçə il öncə Mərkəzi Bank Azərbaycanın “üzən” məzənnə rejiminə keçdiyini açıqlamışdı. Bank dəfələrlə qeyd edib ki, valyuta hərraclarında məzənnə tələb və təklif əsasında formalaşır.

Daha sonra Mərkəzi Bankın sədri məzənnə rejimi barədə ifadəni dəyişərək, Azərbaycanda “tənzimlənən üzən məzənnə” rejiminin olduğunu açıqlamışdı.

2019-cu ildə isə Mərkəzi Bankın sədri “dayanıqlı” və ya “dayanan” məzənnə rejimindən danışır. Artıq 2 ilə yaxındır Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsində qalması Mərkəzi Bankın sabit (dayanan) məzənnə rejiminə qayıtdığını göstərir.

Həqiqətən hərraclarda məzənnə tələb və təklif əsasında formalaşırsa valyuta təklifinin çox olduğu dövrlərdə Manat bahalaşmalı, tələbin yüksək olduğu dövrdə isə ucuzlaşmalı idi. Lakin məzənnə tərpənmir.

Ötən şənbə günü Mərkəzi Bankın faiz qərarından sonra keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov elə özü etiraf etdi ki, 2018-ci ilin Yanvar-Mart aylarında Dövlət Neft Fondunun valyutanı satmaqda çətinlikləri olub. Qeyd edək ki, Dövlət Neft Fondu büdcəyə transfert üçün vəsait satır.

Elman Rüstəmov: “Neft Fondunun valyutanı satmaqda çətinlikləri var idi. Əvvəlki aylar bazar bütün təklifi qəbul edə bilməmişdi”. 

Əgər tələb və təklif qanunu işləsəydi Manat  Aprel ayınadək bahalşamalı idi. Lakin bu müşahidə olunmayıb.

Eyniz zamanda Elman Rüstəmov bildirdi ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq Azərbaycanda valyutaya tələb daha çox olub: “Ticarət tərəfdaşlarımızın milli valyutalarının sürətli dəyərdən düşməsi Azərbaycan bazarına psixoloji və digər kanallar ilə təsir göstərdi. Əvvəlki aylar Neft Fondunun sata bilmədiyi valyutanı Aprel və Avqust aylarında satmaqla bazarın tələbini ödədik”.

Manat üçün təhlükənin yarandığı Avrel və Avqust aylarında da hərraclarda məzənnən dəyişməmişdir.

Həmçinin Elman Rüstəmov mətbuat konfransında bildirdi ki, valyuta (Dollar) təklifinin tələbi üstələdiyi hərraclarda  Mərkəzi Bank bazardan valyuta alışı etməyib. Yəni, Dövlət Neft Fondunun sata bilmədiyi valyuta Mərkəzi Bank tərəfindən alınmayıb. Əgər Mərkəzi Bank belə bir əməliyyat etsəydi dövriyyəyə əlavə Manat kütləsi daxil olardı. Eyni zamanda, Elman Rüstəmov Dollara tələbin yüksək olduğu hərraclarda Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə edilmədiyini də qeyd etdi.

Digər tərəfdən unudulmamalıdır ki, müasir dövrdə məzənnəninin formalaşması təkcə fundamental göstəricilərdən asılı deyil. Siyasi, hərbi, psixoloji amillər də məzənnəni dəyişə bilir. Xarici şərtlərin sürətlə dəyşməsi riski hər zaman aktualdır.

Digər tərəfdən, məzənnənin ixracı stimullaşdırması funksiyası kənara qoyulub. Azərbaycanın xurma, pomidor, fındıq, şərab ixracatçıları Dolların 1.70 səviyyəsində qalmasından razı deyillər. Onlar xarici bazarlarda rəqabət qabiliyyətlərinin azaldığını və bu səbəbdən milli valyutanın bir qədər də ucuzlaşdırılmasını istəyirlər. Rəqəmlər də, Azərbaycanın qeyri-neft məhsullarının ixracındakı artım tempinin aşağı düşdüyünü göstərir.

Bütün xəbərlər