- Tez-tez verilən suallar

Sualını ünvanla
21.
Hüquqi şəxsin təsisçisi (təsisçi vergi orqanlardan qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşıdır) öz şəxsi avtomobilini müəssisəyə satır. Bu alqı-satqı prosesi tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapır. Hüquqi şəxsin bu alqı-satqı prosesi nəticəsində hər hansı bir vergi öhdəliyi yaranacaqmı?
Digər
Bildiririk ki, sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın (avtomobilin) təqdim edilməsindən gəlir, fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni zamanda, avtomobil fiziki şəxs tərəfindən alqı-satqı müqaviləsi əsasında təqdim edildiyindən hüquqi şəxs üçün vergi öhdəliyi yaranmır.
22.
Hüquqi şəxs icarəsində və ya mülkiyyətində olan torpaq sahəsini başqa bir hüquqi şəxsə ƏVƏZSİZ olaraq kirayəyə verir. Vergitutma məqsədləri üçün bu mümkündürmü? Və, mümkündürsə, burada kirayəyə verənin bu proseslə bağlı hansı vergi öhdəliyi yaranır?
Digər
Bildiririk ki, əvəzsiz istifadəyə verilmiş əmlakdan gəlir götürmək üçün istifadə edildiyi halda həmin əməliyyat əmlakın əvəzsiz istifadəyə verilməsi kimi deyil, onun icarəyə verilməsi kimi qiymətləndirilir və hüquqi şəxslər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə müqaviləsi bağlanılaraq əldə edilmiş gəlirdən müəyyən edilmiş qaydada vergilər (mənfəət vergisi, ƏDV ödəyicisi olduğu halda o cümlədən ƏDV) hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
23.
Borcun olmaması barədə sənəd almaq istəyirəm, nə edim?
Digər
Bildiririk ki, vergi ödəyicisi vergi borcunun olub-olmaması barədə arayışın alınması üçün uçotda olduğu vergi orqanına (o cümlədən əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə) ) kağız daşıyıcıda sərbəst məzmunlu ərizə ilə əlbəəl və ya poçt vasitəsilə müraciət edə bilər. Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda vergi orqanına onlayn qaydada müraciət edə bilər. Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi borcunun olub-olmaması barədə arayışın alınması üçün müraciətin edilməsi barədə ətraflı məlumatı “E-Xidmətlər” bölməsində yerləşdirilmiş elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.
24.
Fiziki şəxs təsisçisi olduğu hüquqi şəxsi alqı-satqı yolu ilə başqa bir fiziki və hüquqi şəxsə satır. Satılan hüquqi şəxsin Nizamnamə fondu 25000 manat, Ə/V qalıq dəyəri 20000 manat, satış qiyməti 40000 manatdır. Bu zaman təsisçinin hansı vergi öhdəlyi yaranır?
Digər
Sorğunuzdan təsisçi fiziki şəxsin rezident olduğu qənaətinə gələrək bildiririk ki, təsisçi payını digər fiziki yaxud hüquqi şəxsə təqdim etdikdə gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq vergi uçotuna durmalı və alqı-satqı müqaviləsinin bağlandığı tarixə aktivlərin xalis dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı müsbət fərqdən müəyyən edilmiş dərəcələrlə vergini dövlət büdcəsinə ödəməlidir. İştirak payları aktivlərin xalis dəyərindən yuxarı qiymətə təqdim edildikdə isə onların satış qiyməti ilə nominal dəyəri arasındakı fərqdən müvafiq qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilməlidir (sorğunuzda qeyd edilən halda (40000-25000)x14%).
25.
Sadələşdirilmiş vergi ödəyicisiyəm. Mənə işçilərlə əmək müqaviləsinin bağlanması ilə bağlı müraciət gəlib. Mənim isə işçim yoxdur. Belə olduqda mən nə etməliyəm?
Digər
Bildiririk ki, işəgötürən tərəfindən yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilməlidir. İşçisi olmayan fərdi sahibkarlar tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi nəzərdə tutulmamışdır.
26.
İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?
Kadrlar
İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bildirilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
27.
Qısaldılmış iş vaxtı qanunla necə müəyyən edilir?
Kadrlar
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsində bildirilir ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
28.
Əmək qabiliyyəti olmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?
Kadrlar
Əmək qabiliyyəti olmayan şəxslərin əhatə dairəsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda əksini tapıb. Qanunda əmək qabiliyyəti olmayan şəxslər sırasına əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları aid edilib.
29.
İşçi qanunla hər gün neçə saat işləməlidir?
Kadrlar
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman - tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
30.
Mən işlədiyim son 3 ildə məzuniyyətə çıxmamışam. Əgər mən işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi tələb edə bilərəmmi?
Kadrlar
Əmək Məcəlləsinin 144-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
31.
Gündəlik və həftəlik normal iş vaxtının müddəti nə qədər olmalıdır?
Kadrlar
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddətinin isə 40 saatdan artıq müəyyən edilməsinə yol verilmir.
32.
Mən təxminən iki həftədən sonra işdən çıxacağım barədə işəgötürəni ərizə ilə xəbərdar etmişəm. Lakin bir həftədən sonra işdən çıxmaq barədə fikrimdəm daşındım. Mən həmin ərizəni geri götürə bilərəmmi?
Kadrlar
Ölkəmizin əmək qanunvericiliyində bildirilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.
33.
Əmək müqaviləsi müddətsiz bağlana bilərmi?
Kadrlar
Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 il müddətə (müddətli) bağlanıla bilər. Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
34.
İki yaşında uşağım var və onu təkbaşına böyüdürəm. Hər hansı bir müəssisədə işə qəbul olunsam, mənimlə sınaq müddəti müəyyən edilməlidirmi?
Kadrlar
Xeyr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 52-ci maddəsində hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə işə qəbul edilərkən sınaq müddətinin müəyyən edilmədiyi bildirilir. Həmin maddədə yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərlə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərlə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılmış şəxslərlə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddətinin müəyyən edilmədiyi əksini tapıb.
35.
Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?
Kadrlar
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir və bu müddət işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə sınaq müddəti bağlanılmır. Həmçinin təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanmış şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəldən yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Bu müddət qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
36.
Hansı hallarda əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər?
Kadrlar
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.5-ci maddəsinə əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
37.
Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?
Kadrlar
"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 74-cü maddəsinə əsasən işləyən valideynə uşağın doğulmasına görə birdəfəlik müavinət onun iş yeri üzrə uçotda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon (şəhər) şöbəsi tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzi vasitəsilə ödənilir. Uşaq doğuşuna görə müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.