İş Dünyasındakı Yazılmamış Qanunlar

“Yeni bir iş tapmamış işindən ayrılma”, "İstədiyin maaşın miqdarını müsahibə zamanı,ilk sən demə" kimi yazılmamış qanunlar iş həyatımızda ən çox eşitdiyimiz cümlələr və ətrafdan aldığımız “dərin məsləhətlər”in içərisindədir. Lakin bu məsləhətlər hər zaman müsbət nəticə verməyə bilər..

iş dünyası qanunları, doğru bildiyimiz səhvlər

Mövzu iş həyatına gəldikdə, bir çoxumuz həmkarlarımızdan, dost –tanışımızdan eşitdiyimiz bəzi şablonları öz həyatımızda istifadə etməyə çalışırıq. Kimiləri üçün çıxış yolu olan bu qanunları, bəzilərimiz üçün heç də xoşagələn nəticələr vermir. Bu kimi hallarla rastlaşmamaq üçün, qarşımıza çıxan yazılmamış qanunları düzgün analiz etməyi bacarmalıyıq.

O “qanunlar”dan bəzilərinə nəzər salaq:

Sevdiyin işlə məşğul ol.

Uzun bir zamandır işsizsiniz, lakin həm qəlbinizə həm büdcənizə uyğun işi tapa bilmirsiniz, və ətrafdan davamlı olaraq eşitdiyiniz cümlə, "Sevdiyin işlə məşğul ol"dur. Lakin zaman keçdikcə maddi sıxıntılarınız artır və pul ehtiyacınız artırsa, ilk öncə bilməlisiniz ki, görəcəyiniz iş sizin həyatınızın tamamını əks etdirmir, işiniz sadəcə həyat şərtlərinizi rahatlaşdırmaq üçün bir vasitədir. Buna görə də, özünüzü incitmək əvəzinə, işinizdən artıq qalan zamanlarda sevdiyiniz işlə məşğul ola bilərsiniz.

Yeni iş tapmamısansa, işindən ayrılma.

Hər gün məcbur olaraq işə gedir, yeni bir işin xəyalını qurursunuz və yeni iş təklifləri olmadığı üçün işdən ayrıla bilmirsiniz. Təbii ki, ətrafdan eyni məsləhətləri eşidirsiniz. Lakin əgər hər vasitəyə əl atmısınızsa, heç bir qüvvə sizi işinizə bağlayıb, işinizi sizə sevdirə bilmirsə, o zaman müəyyən addımlar atmalısınız. İlk öncə aylıq xərclərinizi minumuma endirərək, özünüzə gündəlik ehtiyaclarınızı ödəyəcək bir büdcə çıxarmalısınız. Daha sonra bir neçə ay aldığınız maaşdan ayırıb özünüzə baza yaratmalısınız. Beləliklə işdən ayrıldığınız zaman,yeni bir iş imkanı yarananadək, ən azından vacib ehtiyaclarınızı qarşılaya bilərsiniz.

Müsahibə zamanı, istədiyin maaş miqdarını bildirmə

İş görüşməsindəsiniz və sizdən fikrinizdə tutduğunuz əmək haqqının miqdarı soruşulur. Təbii ki, kənardan eşitdiyiniz qanuna əməl edib bir miqdar deməməyə çalışırsınız, çünki sizin istədiyiniz miqdar şirkətin maaş aralığı ilə üst üstə düşməyə bilər. Bəlkə də sırf maaş gözləntinizin yüksək miqdarına görə, karyera imkanları olan bir şirkətdə işləmə şansını itirə bilərsiniz. Bu vəziyyətlərə düşməmək üçün, müsahibəyə getmədən öncə, gedəcəyiniz şirkət haqqında ətraflı araşdırma edib, şirkətin əməkdaşlarına verdiyi maaş aralıqları ilə tanış ola bilərsiniz. Müsahibə zamanı bildirəcəyiniz miqdarı da şirkət kriteriyalarına uyğun bildirmiş olarsınız və həmçinin sizə verilmiş sualı cavabsız qoymuş olmazsınız.

Ətrafdan eşitdiyiniz yazılmamış qanunlara əməl etməmişdən öncə, çalışın həyatınızda baş verə biləcək dəyişiklikləri özünüz idarə edə biləsiniz.

 

11/12/2018

Bütün məqalələr